B.V.Miller və Azərbaycan
Azərbaycan ərazisindəki yaşayan xalqların hərtərəfli tədqiqindən, görülən işlərdən danışarkən, ilk növbədə talış, tat, kürd dillərinin tədqiqində çox böyük zəhməti olmuş rus alimi, şərqşünas Boris Vsevolodoviç Millerin xidməti xususi qeyd olunmalıdır. 20-yə yaxın dildə danışa bilən alim talış, tat və kürd dillərini ardıcıl tədqiq edən və bütün həyatını bu dilləri öyrənməyə sərf edən görkəmli alimdir.
B. V. Miller 31 oktyabr 1877-ci ildə Moskvada anadan olmuşdur. Babası G. F. Miller coğrafi, tarixi və etnoqrafik materiallar toplamaqla məşğul olmuş, həm də İran dillərinin öyrənilməsi işində də müəyyən təşəbbüs göstərmişdir. O, 1735-ci ildə kalmık və tacik dillərinin luğətini tərtib etmişdir. Həcmcə kiçik olan həmin luğət "Kalmık və Buxara dilləri" adı altında cap olunmuşdur. Atası Vsevolod Feodoroviç Miller (1848-1913) isə görkəmli alim, tarixçi olmuşdur. O, İran dillərindən osetin və tat dillərini tədqiq etmişdir. V. F. Miller özünün üç cilddən ibarət "Osetin etüdləri" əsərində Şimali Qara dəniz və Azov sahillərində qədimdə yaşamış skif-sarmat qəbilələrinin İran dilli və müasir osetin dilinin həmin skif dialektlərindən birinin davamı olduğunu subut etmişdir. Ata Miller osetin dili tarixi qrammatikasının, osetincə-rusca-almanca lugətin, qədim fars dili yazıları, yəhudi-tat şivəsini öyrənmək üçün materiallar, yəhudi-tat çivəsi morfologiyasına dair oçerk, Rusiyanın cənubunda İran etnoqrafiyası izləri, Osetin dili əsərlərinin müəllifi kimi məhşurdur. O, İran dilləri və ədəbiyyatı sahəsində böyük fəaliyyət göstərmiş və akademiklik dərəcəsinə qədər yüksəlmişdir. Bütün bu amilər gələcəkdə B. V. Millerin böyük bir alim kimi yetişməsində çox böyük rol oynayır. 1899-cu ildə o, Moskva Universitetini, 1903-cü ildə isə Lazarev adına institutu bitirir. Tələbəlik dövründən talış dilini öyrənməyə başlayan B. V. Miller ali təhsilini başa vurduqdan sonra 1903-ci ildə Azərbaycana gəlmiş, bir neçə rayonlarda olmuş və burda məskunlaşan əhalinin dilinə dair material toplamışdır. O, ilk araşdırmalarına Lənkərandan başlayır. Kiçik oğlu ilə birlikdə Lənkəranın Veravul kəndində çay kənarında məxsusi evdə yaşayır. 1924 -cü ildə B. V. Miller Azərbaycanı tərk edib Moskvaya getməli olur.Buna səbəb isə oğlunun Lənkəranda evinin yaxınlığındakı çayda boğulması səbəb olur.
Talış diyarındakı tədqiqat işində ona Lənkəran rus ibtidai məktəbinin təşkilatçısı və mudri, müəllim Teymurbəy Bayraməlibəyovun böyük köməyi dəymişdir. Onun koməyi və təşkilatçılığı nəticəsində Miller iki dəfə Lerik rayonunun Çayrud, Hamarat, Coni və digər qədim kəndlərində olmuş, talışların məşğuliyyəti, təsərrufatı, tarixi, folkloru haqqında məlumatlar toplamışdır. B. V. Millerin həmin səfərinə dair məlumat 1925-ci ildə Bakıda maddi və mədəni irsini öyrənən cəmiyyətin əsərlərində çap olunur. Bundan sonra 1929- cu ildə Bakıda onun "Tatlar, onların yerləşdiyi ərazi və şivələri", 1930-cu ildə "Talış mətnləri" adlı əsərləri çapdan çıxmışdır. Həmin mətnlərin ruscası verilmiş və buna talışca-rusca-fransızca luğət əlavə edilmişdir. Kitabın müqəddiməsində talış dilinin fonetik sistemindən bəhs olunur. 1932-ci ildə B. V. Millerin "Qafqaz dağ yəhudi ləhcəsinin Quba şivəsi haqqında" əsəri, 1945-ci ildə "Tat mətnləri" çap edilmişdir. 1948-ci ildə B. V. Millerin "Talış dilində ismin şəkilçisi" haqqında məqaləsi "Dil və təfəkkür" məcmuəsinin 11-ci cildində dərc olunmuşdur. B. V. Miller talış dilinin çox qədim və zəngin bir olduğunu qeyd etmiş və subuta yetirməyə çalışmışdır. O, bu dilin keşmişi haqqında fərziyələr də irəli sürmüşdür.Onun bu fərziyələrini V. B. Henninq müdafiə etmişdir (W. B. Henninq. The ancietik language of Azerbaijan-Transaction of Philolgical Sscieti, London, 1955)
B. V. Millerin uzun illərdən bəri apardığı böyük və səmərəli tədqiqatının yekunu SSRİ EA Dilçilik İnstitutu tərəfindən çap olunmuş "Talış dili" adlı monoqrafiyasıdır. Monoqrafiya istər talış dilinə dair aparılmış tədqiqatlar içərisində, istərsə də muəllifin öz yaradıcılığı sahəsində diqqəti cəlb edən ən böyük nəzəri əsəridir.
B. V. Millerin bir neçə əsəri də Azərbaycan ərazisində yaşayan talışların məişətinin, adət-ənənələrinin, dilinin tədqiqinə həsr olunmuşdur. Qəmərşah Cavadov rus alimləri və şərqşünasları V. Lekqobıtov, İ. Beryozin, A. Komarov, E. Veydenbaum, P.F. Riss, D. Kistenyev, Q. F. Çursin, A. Bukşpan, E.Pelçina, A. Şifner, T. Tsimmer, İ. Petrov, İ. Seqal, Y. Yabin, H. Kalaşov, S. Qlinka, V. L. Veliçko, H. H. Şavrov, A. H. Qenko, İ. Q. Qerberlə yanaşı, eyni zamanda B. V. Millerin də əsərlərini araşdırıb və bu barədə məlumatlar verib: "Azərbaycanın ayrı-ayrı əyalətlərindən bəhs edən müəlliflər onun ərazisi, torpaq örtüyü, təbii-coğrafi şəraiti, əhalinin məşğuliyyəti ilə yanaşı, əhalinin etnik tərkibi haqqında da məlumat vermişlər".
1953-cu ildə Mirzə Kazımbəyin şagirdlərindən biri olan Kazan Universitetinin professoru İ. N. Berezinin Kazan şəhərində nəşr edilmiş "Fars dili qramatikası" Rusiyada fars dilinə aid çap olunan ilk dərslik kimi dəyərləndirilir.Həmin il onun " Recherchessur les dialectes persans" adlı ikinci kitabı çapdan çıxır. Burda fars dilinin Mazandaran, gilək ləhcələri, talış, tat, və kürd dillərinə dair qrammatik məlumat və faktik dil materialı vardır. Bu əsəri B. V. Miller kəskin tənqid edir və onu, ümumiyyətlə, plagiatorluqda təqsirləndirir. O, yazır: "İ. N. Berezinin əsəri iki hissədən ibarətdir: Xodzkonun əsərlərindən alınmış qrammatik oçerk və talış xalq nəğmələri. İ.N. Berezin talış dilini harada, necə və kimdən öyrənməsi barədə heç yerdə məlumat vermir; bununla belə o, göstərir ki, İran dialektlərinə dair araşdırmalar onun şəxsi əməyinin məhsuludur; lakin nədənsə onun talış dilinə dair oçerklərindən bu görünmür" (Б. В. Миллep. Taлышский язык, 1953, səh. 14).
B. V. Millerin bir neçə əsəri də Azərbaycan ərazisində yaşayan kürdlərin dilinin tədqiqinə həsr olunmuşdur.
O, Talış xalqının xatirəsində xeyirxah, səmimi, mehriban bir insan kimi qalmışdır. Bu barədə G. Habilqızı "Görkəmli alim Azərbaycanı niyə tərk etdi?" adlı məqaləsində belə yazır: "Miller yerli əhaliyə təmənnasız tibbi yardım ğöstərər və həyətində nadir meyvə ağacları yetişdirərdi. Onun getməsi kənd sakinlərinə pis təsir edir. Boris Millerin yeni tikdiyi imarəti sahibsiz qalsa da heç kim ora köçmür. Baxımsız ev sonralar ibtidai məktəb olur. Amma uçmaq təhlükəsi olduğuna ğörə burda tədris dayandırılır. Dağılmış evin materialları sonralar xeyriyyə işlərində istifadə olunur. Millerə məxsus evin bünövrəsi üzərində indi də yurd salan yoxdur"
Daha sonra bildirilir ki, 20-ci əsrin əvvəllərində Lənkəranda yaşayan, dövrünün ziyalısı Mirzə Əziz Millerin yaxın dostu olub. Politoloq-alim əsərlərində bu haqqnda çoxlu qeydlər verib. Sonralar Mirzə Əzizin oğlu Mirzə Ağəli Əliyev bu dostluğu davam etdirmişdir. Hətta 1924-cü ildə Moskvada yaşayan Millerdən Lənkəran Xalq Muzeyinin zənginləşdirilməsi və Moskva muzeyləri ilə əlaqə saxlanması barədə köməklik istəyir. Miller dostunu əmin edir ki, SSRİ Mərkəzi Dövlət Muzeyi və Şərq mədəniyyətləri dövlət muzeyləri ilə əlaqə yaradıb. Onlar Lənkəran Xalq Muzeyinə yardım göstərəcəklər. Miller tez-tez Azərbaycana məktublar göndərərdi. O, vətənimizi cənnətə bənzədərək sərvətlə dolu zəngin təbiətini tərifləyirdi. Bu yerlərə məftun olduğunu, insanların səmimiyyətindən, qonaqpərvərliyindən razı qaldığını və yenidən Azərbaycana gəlmək arzusunu gizlətmirdi. Professor Miller dostu Mirzə Ağəli Əliyevə qızı ilə birlikdə çəkdirdiyi şəkli xatirə kimi göndərmişdi.
B. V. Miller 1935-ci ildə professor, 1939-cu ildə isə Filologiya elmləri doktoru adına laiq görülmüşdür. O, 6 avqust 1956-cı ildə Moskvada dünyasını dəyişmişdir.
Vüqar Mirzəzodə
Lerik rayonu, Hamarat kəndi.
İstifadə olunmuş ədəbiyyat
"Иранские языки" 1-ci cild, М.-L., 1945.
"Очерки по истории изучения иранских языков", М., 1962
"Azərbaycan dilçiliyi məsələləri" Bakı, 1969
Б. В. Миллep. Taлышский язык, Москва, 1953
Qəmərşah Cavadov, "Azərbaycanın azsaylı xalqları və milli azlıqları"
G.Habilqızı "Görkəmli alim Azərbaycanı niyə tərk etdi?"
Vüqar Mirzəzodə
Lerik rayonu, Hamarat kəndi.
“Cəmiyyət Press” qəzeti N:-01(20)
28 noyabr 2014
