Son qurultay bu partiyada daxili gərginliyi daha da artırıb, keçmiş namizədlər arasında münasibətlər bir qədər də qızışıb
Müsavat Partiyasının qurultayı və Arif Hacılının sədr seçilməsi partiyadaxili vəziyyəti daha da gərginləşdirib. Artıq digər namizədlər bu haqda etiraz bəyanatları səsləndirirlər. Eləcə də, “Müsavat”ın bir sıra üzvləri sədr seçkisində şəffaflığın olmadığını vurğulayırlar.
Bu arada Qubad İbadoğlu öz tərəfdarları ilə görüş keçirməyi qərara alıb. O, növbəti addımlar barədə qərar vermək üçün məsləhətləşməyə ehtiyac olduğunu deyib. Müraciətində “Müsavat”ın bir şəxsin partiyası olmadığını deyən keçmiş namizəd yaranmış vəziyyəti geniş müzakirə etmək üçün belə bir görüşün keçirilməsinin zəruri olduğunu qeyd edib. Təbii ki, həmin görüşdən sonra növbəti addımın bir çoxları tərəfindən partiyanı tərk etmək olacağı gözlənilir.
Yeni başqan Arif Hacılının qardaşı olan Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli isə sosial şəbəkələrdə Q.İbadoğlu haqqında tənqidi fikirlər yazıb və onu faktları təhrif etməkdə ittiham edib. Öz növbəsində, Q.İbadoğlunun V.Hacıbəyliyə cavabı özünü çox gözlətməyib. O, Əhrar Partiyasının sədrini “müsavat”çı olmadığı halda bu partiyanın işinə qarışmaqda ittiham edib. Q.İbadoğlunun fikrincə, bütün bunlar “Müsavat”ı gələcəkdə ailə partiyasına çevirmək cəhdlərini göstərir: “Bu məsələdə mövqe qoymağa Vaqif Hacıbəylinin nə mənəvi, nə də siyasi haqqı çatır. Mən ona özündən ibarət olan partiyası ilə məşğul olmağı məsləhət görürəm. Arif Hacılıya da təklif edirəm ki, “Müsavat”da olmayan ailə üzvlərinin partiyanın işinə qarışmasının qarşısını alsın”.
Sədr seçkisində öz namizədliyini Q.İbadoğlunun xeyrinə geri götürmüş Səxavət Əlisoy isə A.Hacılıya qarşı daha kəskin ittihamlarla çıxış edib. O, partiyanın yeni başqanı Arif Hacılını və komandasını sərt ifadələrlə tənqid edərək istefaya çağırıb. S.Əlisoy başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun tərəfdarlarının seçkinin nəticəsinə təsir edən nöqsanlarla bağlı qeydlərini “Facebook” səhifəsində paylaşıb. Keçmiş başqan müşaviri A.Hacılını və onun tərəfdarlarını ləyaqətli olmağa çağırıb. S.Əlisoy iddia edib ki, əksər rayonlarda qurultay nümayəndələri qurultaya hazırlıq üzrə təşkilat komitəsində (QHTK) təmsil olunan A.Hacılının tərəfdarları tərəfindən ciddi nizamnamə pozuntusu şəraitində seçiliblər. Məqsəd A.Hacılının başqanlığını təmin etmək olub: “A.Hacılıya sərf etməyən rayonlarda nəticələr ya ləğv edilib, ya da rayon təşkilatı buraxılıb. Tovuz rayonunda konfransda başqan müşaviri iştirak etməsinə baxmayaraq, konfrans MNTK üzvü və QHTK nümayəndəsi iştirak etmədiyi üçün etibarsız hesab olunub. Naxçıvan Muxtar Respublikasının 6 rayonunda konfrans keçirilibmi və harada keçirilib, keçirilibsə, hansı MNTK üzvü və ya QHTK üzvü bu konfranslarda iştirak edib? Azərbaycanın 16 rayonunda partiyanın konfransı nədən baş tutmayıb? Arif Hacılı namizədliklə əlaqədar istefa verdikdən sonra onun kabineti kimlərin sərəncamında olub?”
Qarşı tərəfə bu sualları ünvanlayan S.Əlisoyun iddiasına görə, qurultay günü QHTK üzvlərinin əksəriyyəti və partiyanın Arif Hacılının tabeçiliyində olan funksionerləri “İsa Qəmbərin mövqeyi Arif Hacılıdır” deyə qurultay nümayəndələrinə təsir ediblər. Keçmiş müşavir bildirib ki, bu əməlləri törədənlər ləyaqət prinsipini əsas götürüb ya üzr istəməli, ya da seçkiyə haram qatdıqları üçün istefa verməlidirlər.
Eyni zamanda, “Müsavat” Məclisinə gənclərin nümayəndələrindən heç kimin seçilməməsi də partiyada narazılıq doğuran əsas məsələlərdən biridir. S.Əlisoy bu və digər məsələlər haqda faktların mətbuata açıqlanacağını bildirib.
“Müsavatın gələcəyi təhlükədədir” deyən sədrliyə keçmiş namizəd Tural Abbaslı isə bildirib ki, “Müsavat”ın seçkili orqanlarında gənclərin təmsilçiliyinin az olması gənclər üçün yox, partiya üçün təhlükəli olacaq”.
T.Abbaslı A.Hacılının Müsavat Partiyasına heç bir yenilik gətirə bilməyəcəyini də qeyd edib: “Mən bilsəydim ki, “Müsavat”a yenilik gətirə biləcək şanslı hansısa namizəd var, onun xeyrinə namizədliyimi geri götürərdim. Namizədliyimi vermişdimsə, deməli, nələrisə bəyənmədiyim üçün vermişdim. Arif Hacılı İsa bəylə 25 ildir bir yerdə addımlayır, silahdaşdır, düşüncə tərzi eyni olduğundan onun partiyaya yeni nə isə verə biləcəyini düşünmürəm”.
Göründüyü kimi, bu partiyadakı hazırkı durum qurultaydan əvvəlki vəziyyətdən daha artıq pisləşib. Yəqin ki, yaxın günlərdə sədr seçkisində saxtakarlığa etiraz əlaməti olaraq partiyadan xeyli sayda istefalar olacaq.
Nardar Bayramlı
yeniazerbaycan.com
|