Zühur et ya İmam Zaman (Köşə yazısı)
Salam olsun məzlumların ağasına! Salam olsun zalımlardan qisas olan gününə! Sən bizi nə qədər fikirləşsən də biz Səni bir o qədər də unutmuşuq. Nə üçün çatışmazlıq hiss etmirəm? Nə üçün Sənin qeybdə olduğun halda, səninlə görüşə bilmədiyim halda nigaran deyiləm? Səni tanıyanlar Sənə aşiq olublar. Ama mən Səndən uzağam. Hər bir halda insan sevdiyindən ayrı qala bilmir. Görünür Sənə olan sevgim, məhəbbətim naqisdir. Nə qədər naqis aşiq olsaq da Sən mənim şahımsan. Sən gələcəksən, mən bunu bilirəm. Ağacan həqiqətdə sənə ehtiyacımız var, ehtiyacsız deyilik, sadəcə qəflətdəyik, dərk etmirik. Qəlblərimiz pərakəndə şəkildə bəlaya düçardır. Bunların hamısı vəzifələrimizi bilməməkdən qaynaqlanır. Ayətullah Behcət buyurur: "Bizim günahlarımız və əməllərimiz ucbatından o Həzrət (ə.f) min ildir səhralarda, çöllərdə dərbədər olub. Bəzən çox qorxuram ki, hər həftə əməl dəftərimə baxdıqda deyəsən ki, mənə bu cür şiə lazım deyil. O zaman nə halda olaram, təsəvvür belə etmək istəmirəm. O qədər zülm var ki, Səndən başqa artıq ümidim qalmır. Daxildə olan xəyanətkarlar, vəhdətə zərbə vuranlar gün-gündən çoxalır. Dostlarımıza, yoldaşlarımıza zülm edənləri özün görürsən. Günahsız yerə şərlənənləri də görürsən. Sən bizim ümid yerimizsən, ey mənim Mövlam!
Hər gün Sənin razılığın olmayan o qədər işlər görürük ki. Bir dəfə də olsun Sənsizliyin acılığına ürəkdən narahat olmamışam. Sən bizim bütün işlərimizdən xəbərdarsan. Çox narahatıq, bu qədər zülmlərə dözə bilmirik. Ən acısı odur ki, sapı özümüzdən olan baltalar bəzən elə hərəkətlər edirlər ki, təəssüf hissi keçirtməkdən başqa yolumuz qalmır. Sənin həsrətini gözləyənlərin xatirinə, həqiqi intizar çəkənlərin xatirinə, bircə dəfə bu halımıza nəzər et! Bu qədər zülm olan dünyada yaşamaq asan deyil, günahsız yerə kəsilən başları görən zaman yaşamaq asan deyil. Ağacan, ürək dolu acımıza zühurunla son qoy! Ağacan səni layiqincə tanısaydıq, dində şəkk-şübhəyə düşməzdik. İmam Sadiq (ə) Müfəzzələ Mehdi (ə.c.) həzrətləri və onun zühuru barədə bir şey danışıb buyurdu: “Ey Müfəzzəl, İmam Mehdi (ə.c.) həzrətlərinə aid olan xəbərləri şiələrimizə çatdır ki, dinlərində şəkk-şübhə etməsinlər!” Yazının əvvəlində salam ilə başladım. Sonda da salam ilə bitirmək istəyirəm. Salam olsun İmam Hüseynin (ə) intiqamını alacağın günə! Uca və Əzəmətli Allahdan başqa güc və qüvvə yoxdur!
Nurlan Qurbanzadə
aran.irib.ir













