ParlamanA.Həsrət
Deyirlər guya o gün “Xalq Qəzeti”ndə (N:163(27678) 2 avqust 2014) A.Həsrət imzası ilə bir cızma-qara çıxıb. Oxumaq zorunda olmasam da A.Həsrətin iki nəhəng talış ziyalısı haqqında öz məntiqsiz məntiqinə uyğun böhtanlarına xatir həmən cızma-qaranı oxudum. İnsan nə qədər cılız olarmış, Xudama. Hələ uzun illər bundan əvvəl onun “Xural” qəzetində gedən “Talışlar və uzaqgörən Mirzə Sakit” adlı dezosunu oxuyanda A.Həsrətdə bir talışafobiyanın olduğunu sezmişdim, (belə olmasa idi o “Tolışi Sədo”nu “Talışın Səsi” yazmazdı, indi mən də durub onun adını talış dilinə tərcümə edib Ozər yazsam görəsən xoşuna gələr? Xoşuna gəlməz, ona görə də mən heç onun adını yazmaq fikrində deyiləm) düzdür, elə “Xural” qəzetində də A.Həsrətə cavab verib, onun dezosunu darmadağın etmişdim. A.Həsrət utanmadan “yalan” adlı atına minərək Azərbaycan əhalisini çaşdırmaq üçün iddia edirdi ki, Rusiya Talış Diasporası İrəvanda hansısa Talış konfransı çağırıb, mən ona Rusiya Talış Diasporasının sədri İsmayıl Şabanovun bəyanatını göstərib, bu cür yalanları yazmaqdan çəkinməyi xahiş etdim, yazar oxucusunu da, onun yazısını dərc edən qəzeti də aldada bilər, yetər ki, “düşüncə qütbləri” üst-üstə düşsün, ancaq diqqətli oxucunu və Xıdonu aldada bilməz və bu yalanın cavabını gec-tez verməli olacaq.
A.Həsrət indi də Leyla Yunusa “həsr etdiyi” cızma-qarasında Talışın şəhid oğlu, “Tolışi Sədo” qəzetinin baş redaktoru, professor Novruzəli Məmmədovun, onun işgəncələrə dözməyərək həlak olan iki oğlunun ruhlarını, onlar haqqında şər və böhtan, yalan yazmaqla, narahat etməkdən belə çəkinmir. Onun cəzma-qarasından bir sitat: İddiaya baxın, bu qadın deyir ki, oğlu hər dəfə atasının yanına gələndən sonra aparılıb “dəhşətli şəkildə" döyülürdü. Bir dəfə başına belə oyun gələn adam ikici dəfə ora gələrdimi? Məntiq hanı ?
Bəli, A.Həsrət, əsl OĞUL gedərdi və gedirdi də, çünki cılız və dar düşüncəli, yalnız özünü düşünən insanlardan fərqli olaraq onun vətən və ata sevgisi həqiqi idi və bütün məşəqqətlər bu sevginin yanında heç idi, çünki onun qəlbində şəhidliyi, əqidəsinə dönük çıxıb SATILMAQDAN üstün sayan bir İmam Hüseyn atəşi var idi, gündə bir “əqidənin” yanında olanlar bunu anlamazlar, əsl insan isə anlamadığı şeyə baş qoşmaz, bunun sifarişinin hardan gəlməsindən asılı olmayaraq.
A.Həsrət daha sonra d-r Hilal Məmmədov haqqında şər və böhtan dolu ifadələr işlədir. Bütün bunlara səbr və təmkinlə cavab vermək zorundayam və əminəm ki, oxucu da bütün bunları eyni səbr və təmkinlə oxuyacaqdır. A.Həsrətdən sitat: Sadəcə, soruşmaq istərdim ki, bu "baş redaktor"un baş redaktorluğu altında çıxmış bir nüsxə belə qəzeti kimsə təqdim edə bilərmi? Axı Hilal Məmmədov həbs ediləndə qəzet bir il idi ki, ümumiyyətlə fəaliyyətini dayandırmışdı.Cıxmayan bir qəzetin olmayan baş redaktoru jurnalist fəaliyyətinə görə necə həbs edilə bilərdi?
Hardasa A.Həsrətlə razılaşmaq olar, mən də inanmıram ki, d-r Hilal Məmmədovu qəzetin dərcini boynuna götürdüyü üçün həbs ediblər, ancaq onun məhz TALIŞ fəalı olduğu üçün həbs edilməsinə qətiyyən şübhəm yoxdur. A.Həsrətin “düzü” burda da bitir, çünki d-r Hilal Məmmədovun baş redaktorluğu ilə “Tolışi Sədo”nun 11 (on bir) nömrəsi işıq üzü görüb, A.Həsrət “Xalq Qəzeti”nin əli ilə “baş redaktor deyildi” deməklə Baş Prokurorluğun və DİN-in birgə bəyanatını və həmən bəyanatın ştrixləri ilə yazılmış ittiham aktını rəsmi dövlət qəzetində şübhə altına alır, axı həmən bəyanatda və ittiham aktında d-r Hilal Məmmədovun “1992-ci ildən baş redaktor” olduğu bildirilir, ola bilsin ki, “Xalq Qəzeti” bu yazını verməklə iki nəhəng qurumun saxta bəyanat verdiyini oxucusuna çatdırmaq istəyir, kim bilir, bəlkə də bu qurumları “Xalq Qəzeti”ndə vurmaq A.Həsrətə həvalə olunub, bədəlində isə parlamentdə bir kreslo söz verilə bilər....
A.Həsrət “Tolışi Sədo”nun bir il çıxmamasını əsas gətirir, qəzetin hər-hansı bir səbəbdən çıxmaması onun baş redaktorunun olmaması anlamına gəlmir, sadəcə bütün dünyaya xeyriyyə məqsədi ilə milyonlar paylayan “tolerant” hakimiyyətin talış dilindəki qəzetə maliyyə ayırmağa vaxt tapa bilməməsi anlamına gəlir ki, A.Həsrət belə şeyləri yazmaq cəsarətində buluna bilməz, axı parlamanda söz verilmiş “kreslo”, 2010-cu ildəki kimi elə söz olaraq da qala bilər...
Sonda A.Həsrətə növbəti bir xatırlatmam: “Xural”da sənə tövsiyyə eləmişdim ki, “yazı yazanda başıvın üstündə Xıdonu gör”, həmən tövsiyyəyə zəruri əlavə: məhşər ayağında “mənə belə sifariş verdilər” bəhanəsi keçməyəcək
Rafiq Cəlilov
Respublika Talış Mədəniyyət Mərkəzinin sədri













