Главная » 2014 » Август » 13 » “Müsavat”da qurultay ajiotajı səngimir

“Müsavat”da qurultay ajiotajı səngimir

13-08-2014 в 10:55 просмотров: 187 комментариев: 0 Аналитика

Partiyadakı “köhnə qvardiya”nın üzvləri İsa Qəmbərin “toxunulmazlığını” təmin etməkdən ötrü qurultayın vaxtını növbəti dəfə ertələmək üçün bəhanələr axtarırlar
Məlum olduğu kimi, Müsavat Partiyasında sentyabrın 27-də növbəti qurultayın keçirilməsi nəzərdə tutulub. Və partiyada bu qurultaya hazırlıq başqanlıq uğrunda savaşın daha da şiddətlənməsi, daha doğrusu, ən pik həddə çatması ilə müşahidə edilən ab-havada gedir.
Bu da səbəbsiz deyil. Belə ki, hazırda “Müsavat”da İsa Qəmbərdən sonrakı dönəmdə partiyaya rəhbərlik etmək istəyən bir neçə şəxs və yaxud qruplaşma mövcuddur. Bu sırada mərkəzi icra aparatının rəhbəri Arif Hacılının adını ön sıralarda çəkmək mümkündür. Belə ki, A.Hacılı KİV-lərə verdiyi müsahibələrdə özünü “İsa Qəmbərin yerinə keçməyə hamıdan artıq haqqı çatan” birisi kimi təqdim edir. “Müsavat” yetkilisi bu “haqqı” partiyanın sıralarında əzab-əziyyətlərə qatlaşması, uzun illər boyu burada saç-saqqal ağartması ilə “əsaslandırmağa” çalışır. 
Lakin partiyanın digər funksionerlərinin, o cümlədən, Səxavət Əlisoyun, Qubad İbadoğlunun, Tural Abbaslının və başqalarının da başqanlıq marafonuna qoşulmaları indiyədək özünü bir növ ağ atın belində oturmuş kimi hesab edən və “başqanlığa gedən yolda mənim rəqibim yoxdur” deyən Arif Hacılını əməlli-başlı pəjmürdə edib. Xatırladaq ki, “Müsavat”ın mərkəzi icra aparatının rəhbərinin qarşısına ilk kötük itələyənlərdən biri başqanın müşaviri Səxavət Əlisoy olub. O, A.Hacılını özünü “əlahiddə namizəd” kimi təbliğ etməkdə qınayıb. Sonradan mərkəzi icra aparatının rəhbərinə özünüreklam və özünütəbliğat məsələsində “qırmızı xətt” xəbərdarlığı “Müsavat”ın digər funksionerlərindən də gəlib.
“Müsavat”da növbəti gərginlik isə Səxavət Əlisoyun, əgər belə demək mümkünsə, yenə də hisslərini cilovlaya bilməməsi üzündən yaranıb. Belə ki, sonuncunun iyulun son günlərində “Facebook”da paylaşdığı “Müsavat başqanı kim olacaq?” statusu mübahisələrə yol açıb. Daha dəqiq desək, paylaşdığı statusda S.Əlisoy necə deyərlər sandığı açıb, pambığı töküb: “Biriləri özünü artıq başqan hesab edir və vəzifə bölgüsü aparır, bəzilərini dostları başqan görür, elələri də var ki, 5-6 min km-dən ismarış-ultimatum yollayır ki, filankəsdən savayı kimsə başqan postunda otura bilməz. Siyasi səriştəni və təcrübəni kriteriya kimi vurğulayanlar var, “filankəs”in bu posta daha çox yaraşdığını iddia edənlər var, “behmənkəs”in başqan olduğu təqdirdə partiyanın ağ günə çıxacağını deyənlər var, siyasi koridorlarda çox şeylər danışanlar var”.
Beləliklə, S.Əlisoyun “ev sirlərini” faş etməsi “müsavat”çı funksionerləri əməlli-başlı özlərindən çıxarıb. Partiyanın divan üzvü Tural Abbaslı Səxavət Əlisoyun “Facebook” paylaşmasının qurultayqabağı özünütəbliğata hesablandığını bildirib. T.Abbaslı, həmçinin, başqanlığa digər iddialılara mesajlar ünvanlayaraq özünün başqan seçilməyə hamıdan artıq şansı olduğunu iddia edib: “Mən özümü başqan görürəm. Əgər özümdən daha artıq, daha lazımlı, faydalı kimisə görsəydim, namizədliyimi verməzdim”.
“Müsavat” daxilindən sızdırılan digər bir məlumatda isə bildirilir ki, İsa Qəmbər dönəmindən sonra özünü başqan statusunda görən Qubad İbadoğlu “təbliğatını”, əsasən, regionçuluq prinsipi üzərində qurub. Belə ki, sonuncunun tərəfdarları İsa Qəmbərlə Qubad İbadoğlunun eyni bölgəni təmsil etmələrinə diqqət çəkmək üçün dəridən-qabıqdan çıxırlar. Guya bu amil başqan seçkilərində Qubad İbadoğlunun şanslarını birə-beş artıracaq.
“Müsavat”da qurultayqabağı gərginliyin artmasına səbəb olan əsas amil isə başqadır. Bildirilir ki, başqanlıq iddiaları sərgiləyən funksionerlər arasında gərginlik öz statusundan heç bir vəchlə əl çəkmək istəməyən İsa Qəmbər və onun tərəfdarları tərəfindən məqsədli şəkildə qızışdırılır. “Köhnə qvardiya”nın qənaətinə görə, indiki mərhələdə partiyadaxili vəziyyətin müəyyən həddədək gərginləşməsi yeni başqan seçkiləri keçiriləcək qurultayın növbəti dəfə ertələnməsi üçün ən ağlabatan bəhanə ola bilər...

Mübariz Abdullayev

 

 

 

 

 

                                                                                                                                                                               yeniazerbaycan.com

 

 

 


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org