Mətləb Pero: Dərdi demək kimə qalıb?
2009–cu ildən bu günə kimi həlli müşkülə çevrilən, bu müşkülün arxasında Masallı rayonunun Kolatan və ətraf kəndlərinə təbii qaz çəkilişi adı ilə mənimsənilən milyonlarla rüşvət və korrupsiya faktını nəinki araşdıran yoxdur, hətta bu soyğuna “AzərSunHoldinq” də qatılıb?
Deyirəm Allah bu xalqa rəhm eləsin,. Xatırlayırsınızsa, 2009-cu ildən bu günə kimi mütəmadi olaraq KİV-də Kolatan, Sığdaş, Babakücə, Xanalyon, Ninalov, Seyidoba kəndlərinə təbii qaz çəkilişi barədə silsilə yazılar yazmaqla, bu fonda külli miqdarda rüşvət, korrupsiya, oğurluq hallarının olması faktlarını diqqətinizə çatdırmışdım. Mövzu köhnəlmiş olsa da məni qınamayın, bu köhnəlmiş mövzuda təp-təzə korrupsiya halının görünməkdə olmasına əncam çəkilməsi iqtidarında olmasaq da, asfalt yol və qaz çəkilişi, çay əkmək kimi işlərin arxasında çox məkirli məqsədlərin olması da hər kəsi narahat etdiyi kimi, məni də narahat edir.
“Kolatanlılar 87 min dollarlıq qazın yolunu gözləyir” başlıqlı yazıdan bir neçə sətri diqqətinizə çatdırım ki, söhbətim çox uzun olmasın:
“Masallı rayonunun Kolatan kəndindən olub, Rusiya Federasiyasında yaşayanlar 2009-cu ildə kəndə təbii qaz çəkilməsi məqsədi ilə 87 min ABŞ dolları göndərdilər. Müsahibim, Kolatanlı ağsaqqal Hacı Rəzzağın dediyinə görə, həmən pulun 80 min dollarını rayonun Qaz İstismarı İdarəsinin sabiq müdiri Elxan müəllim özündən yuxarı ağaları ilə birgə həzm borularından keçməsinə nail oldular. Xatırladaq ki, SSRİ dönəmində rayonun ən ucqar kəndi Sığdaş və Ninalova da qaz xətti çəkilmişdi. ”Xoşbəxt sosializmdən kommunizmə” keçid dövründən bəri təbii qazın gəlişini insanlar hələ də səbirsizliklə gözləməkdədirlər.
87 min dolların qoxusunu duyan rayon İH-nin başçısı Qəzənfər Ağayev kənd əhalisinə dəfələrlə bildirdi ki, qazınız yaxın aylarda çəkiləcək.
Mən isə qaz çəkilişi məsələsini kökündən araşdırmağa başladım. Bu işlə bağlı hətta “Azəriqaz” rəsmilərinin mənim diktofonuma dedikləri bu günün özündə də aktualdır. Bildirilmişdi ki, rayonun Kolatan, Xanalion, Sığdaş, Babakücə, Ninalov və digər dağətəyi kəndlərinə qaz çəkilişi 2013-cü ilə kimi plana salınmamışdır.”...
SSRİ hökuməti vaxtı çəkilən dəmir qaz borularının bəzi çürüyüb sıradan çıxan yerləri alababat qaynaq edildi, amma bu şoğərib “Təbii qaz” evlərə gəlib çıxmadı ki, çıxmadı.
Son vaxlarda bəzi “işbaz Hacılarımız” dişlərini itiləməkdə idilər ki, bu yandan möhtərəm prezidentimiz Masallıya təşrif buyurdu. Hətta “qazi”miz Hacı Mirqiyas da bala Heydərin yüksək elmi potensiala malik olmasını xüsusilə bildirməsinə “rəğmən” rayona külli miqdarda vəsait ayırmasını kənardan eşitdik. Ona görə kənardan eşitdik ki, məlum olduğu kimi “Əlahəzrət” prezidentin ətrafına hər “yoldan ötən jurnalist” buraxılmır, yalnız çernil yox, “sabunla” yazanlara yaşıl işıq yandırılır.
“İşbaz hacılar” prezident seçkilərini istədikləri kimi başa çatdırandan sonra Talış Sıra Dağlarında Sığdaşd kənd əhalisinin hələ V-V1-cı əsrlərdə qədim yaşayış məskəni olan SIĞƏÇOLƏ adlanan yerini “AzərSunHoldinq” şirkətinə nişan verib bildirdilər ki, orda yaxşı yaşıl çay bitir... Bu “çay əkmək “ planı ilə 140 hektar dağ sahəsi sənədləşdirilsə də 300 hektar sahə artıq zəbt edilmişdir. (Bu AzərSunHoldinq şirkətinin də kimə məxsus olduğunu y əqin ki, hamı bilir)
Mənə maraqlı budur ki, rayonun mərkəzi küçələri bərbad olduğu halda, 20-25 km. məsafədə olan dağa hər cür müasir texnika cəlb edilib, gecə-gündüz dağ yarılıb, yol çəkilir...
Əlbəttə ki, insafla desək, Qızılavar kəndindən Sığdaşd kəndinə kimi 7-km. yolu da asfaltla örtdülər.
Asfalt çəkilişi zaman köhnə yolun asfalt örtüyün texnika ilə cırmaqlayıb, bir “Kamaz” yükü 35-40 manatdan satdılar.
Bütün bunlar bir yana, həmin təzə çəkilən asfalt yolu təzədən qazıb, pis hala salınması heç anlaşılan deyil.
Yol kənarından, əhalinin şəxsi vəsaiti ilə alınan dəmir qaz boruları kəsilib aparılır, bəzi yerlərə isə “kauçuk” borular birləşdirilir ki, guya yaxın günlərdə Kolatana qaz gələcək...
Eyni “Qaz çəkmə” bəhanəsi ilə Sığdaşd kəndindən olan və RF-da yaşayanlardan , kənd əhalisinin adam başına, 50-100 manat hesabı ilə pul yığıldı, amma düzünü deyim ki, bu yığılan puldan yuxarılara heç bircə qəpik də verilməyib. Həmin pullar hörmətli Şeyximizin Sığdaşdda olan “Mursəli ocağı” adlanan, hazırda “Tikinti şirkəti” rolunda olan məkanda “əridilib-bişirilib” həzm-mədarədən keçirilməsini bilməyən yoxdur. Açıqca görürük ki, Kolatana “Təbii qaz” gəlməsə də, heç olmasa yamaq-yumaq olsa da, qaz borusu çəkilib. Sığdaşd ərazisində olan borular isə yerli-dibli çıxarılıb, hara getməsindən isə soraq yoxdur...
Bu yazıda konkret adlar çəkmədim ki, cinayətdə əli olan, müqəddəs Məkkə ziyarətinə gedən “hacı”lar etdikləri iyrənc əməllərdən usansınlar.
Dediklərimdən nəticə çıxartmasalar, növbəti yazımda onların hər birinin keçmişini, bu gününü, açıqlayıb ictimailəşdirmək zorunda olacağam.
Savadsız adama da aydındır ki, “Sığəçolə”də çay əkmək bəhanəsi ilə Talış Sıra Dağlarında nəhəng tikinti obyektlərinin inşasında əsas məqsəd heç də çayçılığın inkişaf etdirilməsi deyil... Belə olsaydı, min hektarlarla çay sahəsi olan, Dövlətə yüksək keyfiyyətli çay verən çay sahələrini məhv edib, torpağını qanunsuz olaraq paylamazdılar. Gözümüzün önündə milli-mənəvi dəyərlərimiz, yer adlarımız vandalcasına yerlə-yeksan edilirsə, Əlikram Hümmətovun Ermənistana gedib, orda öz millətinin problemlərindən danışırsa, mən ona necə haqq qazandırmayım? ... Bu kimi xoşagəlməz, cinayət xarakterli məsələlərdən yazanda bəzi dostlar məni qınayıb deyirlər ki, ay kişi, bu ölkəni düzəltmək, milli problemlərdən, ağrılı dərdlərdən yazmaq sənə qalıb ?...
Mətləb Pero
AJB-nin üzvü
“Tolışon Sədo” qəzeti
N: 03(61) 8 aprel 2014-cü il













