«Məmurlar var ki, davamlı olaraq vəhabilərə maddi yardımlar edir”
Keçmiş vəhabidən şok açıqlama- «Məmurlar var ki, davamlı olaraq onlara maddi yardımlar edir”
«Azərbaycanda vəhabilərin böyük əksəriyyəti işsiz olsa da, onlar kifayət qədər təminatlı həyat yaşayırlar. Bu da təsadüfi deyil. Çünki vəhabiliyin müqabilində həqiqətən də yaxşı maddi təminat var». Bu ilginc açıqlama qəzetimizə göndərilən müraciətdə yer alıb. Müraciət miüəllifi olan Bakı sakini Heydər Səmədov (ad şərtidir -red.) bildirir ki, o, əvvəllər vəhabilərlə bir sırada dayanıb.
Bildirək ki, bu gün Azərbaycan vətəndaşlarının da sıralarında yer aldığı vəhabilər “cihad” adı altında əslində bir müsəlman qətliamı ilə məşğuldurlar. Artıq Suriyada, İraqda və digər yerlərdə yüzlərlə azərbaycanlı vəhabi toruna düşərək döyüşlərə qatılaraq tələf olublar. Odur ki, sabiq bir vəhabi hesab olunan Heydər Səmədovun söylədiklərini həm də yerdə qalanlar üçün dərs kimi də qəbul etmək olar. Yəni deyilənlərdən nəticə çıxarılsın, həm də problemin kökünün harada dayandığını bilək. Beləliklə sabiq vəhabi danışır:
«Amma onların əsl məramlarını yaxşı bildiyimdən və həm də dövlətimi sevdiyimdən uzaqlaşmaq qərarı verdim. İki aydır onlardan uzağam. Doğrudur, bu müddət ərzində mənə müxtəlif yollarla təzyiqlər etmək istəyiblər. Amma çox məlumatlı olduğumdan, mənə təzyiqlərini dayandırıblar. Bu da məni arxayın salmır. Çünki hər an həyatım təhlükəyə düşə bilər. Onlar mənim kimi məlumatlı bir adamı bu qədər yaşatmazlar».
Keçmiş vəhabi bildirir ki, zamanında həm inanc və həm də ehtiyac onu vəhabilərə qoşulmağa vadar edib: «Bu adamlar hər zaman maddi baxımdan təminatlı olurlar. Pul problemi yoxdur. Problem olanı çevrənin böyüdülməsi, sıranın genişləndirilməsidir. Son vaxtlar isə Əfqanıstana, Suriyaya və başqa ünvanlara döyüşə adam cəlb etmək problemi yaranmışdı».
Vəhabilərin haradan qidalanmasına gəlincə isə mənbə iddia edir ki, Küveyt və Səudiyyə Ərəbistanının adı var: «Onlar Bakıdan maliyyələşirlər. Bakıda onlarla obyekt var ki, bu gün vəhabilər oradan pul götürür. Bunu dövlətin müvafiq qurumları da yaxşı bilir. Amma nədənsə heç bir tədbir görülmür. Hətta məmurlar da var ki, vəhabilərə pul ötürür. Ola bilsin ki, həmin məmurlar elə araçılardır».
Samir
gundemshok.az













