Məkkədə selfi olar?
Son günlər zəvvarların kütləvi şəkildə müqəddəs Kəbədə ziyarət zamanı selfi çəkdirərək sosial şəbəkədə paylaşması İslam alimlərini özündən çıxarıb. Dünya alimləri belə hesab edir ki, bu hərəkət İslam dinindəki təvəzökarlıq anlayışına ziddir. Ümumiyyətlə dində ibadətin nümayiş olunması bəyənilməyən əməllərdəndir.
Azərbaycanlı ilahiyyatçı Elşən Mustafaoğlu da bu fikirlərlə qismən razıdır. Zəvvarların selfi çəkib, sosial şəbəkələrdə paylaşmasını onların niyyətindən asılı olduğunu deyib. "Əgər həmin insan səmimi, təmiz niyyəti ilə ziyarət zamanı şəkil çəkdirib paylaşırsa, orada baş verənləri digər insanların da görməyini istəyirsə bu məqbuldur. Amma bu addım nümayiş məqsədi ilə atılırsa, bu dində yaxşı qarşılanmır. Heç bir ibadət nümayiş etdirilməməlidir. İbadət insan və Allah arasındadır”.
İlahiyatçının fikirincə, ziyarət zamanı zəvvarlar ehram ayinlərini yerinə yetirib öz evlərinə gələnə qədər Məkkənin abu–havasında olurlar. Bu mənəvi abu–hava ziyarət bitdikdən sonrada davam edərsə gözəl olar. "Ziyarətdən sonra insanlar çalışmalıdır ki, mənəvi cəhətdən onların əməlləri də fərqli olsun”.
Ümumiyyətlə ehram zamanı bəzənmək, güzgüyə baxmaq, cinsi yaxınlıq, günah işlətmək, ov etmək, kiçik bir həşəratı da öldürmək olmaz.













