M.Hacıbəyli: AXCP hər zamankı kimi nağıl danışır
“Müsavat Partiyasına qarşı irəli sürülən ittihamlar əsassızdır. Çünki mövqeyimiz dəyişməzdir və dəyişilməz olaraq da qalacaq. Buna hər kəs əmin olmalıdır”. Bu fikirləri SİA-ya Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin və onun ətrafının Müsavat Partiyasının hakimiyyətlə əlaqədə olması iddialarına münasibət bildirərkən deyib. Məclis üzvü “Yeni Müsavat” qəzetinə qarşı cəbhəçilər tərəfindən edilən hücumlara ayrıca münasibət bildirməyəcəyini deyərək, yalnız Müsavatla bağlı fikirlərini deyəcəyini qeyd edib.
Hacıbəyli deyib ki, əslində onun təmsil olunduğu siyasi təşkilat daha öncələr də qarşı tərəfin bu kimi ittihamları ilə qarşı-qarşıya qalıb: “AXCP 2005-ci ildən 2009-cu ilə qədər köhnə nağılları oxumaqla məşğul oldu. Sonra isə 2010 cu ildə Müsavat Partiyası ilə birgə fəaliyyət göstərdi. İndi də yenə eyni fikirlərlə çıxış edirlər”.
Müsavat rəsmisi İlqar İbrahimoğlunun AXCP ilə Müsavat partiyaları arasında barışıq təklifinə də toxunaraq bildirib ki, onun təmsil olunduğu siyasi təşkilat bunun tərəfdarı olsa da, AXCP həmin təklifə qarşı çıxır. Bu amil isə ümumilikdə düşərgəyə ciddi zərbə vurmaqda davam edir: “Hazırkı gərginlik müxalifət düşərgəsinin qətiyyən xeyrinə deyil. Düşərgənin maraqlarına xidmət edənlər fikrimcə barışığa getməlidir. Biz barışın tərəfdarıyıq. Lakin təəssüf ki, AXCP barədə bu sözləri deyə bilməyəcəyəm”.
TalyshPost.org













