Əli Nasir:Danış göz dilində
DANIŞ GÖZ DİLİNDƏ
Gözün dediyini söz deyə bilməz,
Danış göz dilində gözünə qurban.
Dil sözü göz kimi düz deyə bilməz,
Gözünlə dediyin sözünə qurban.
Məcnun baxışlardan Leyli gözlərə,
Yönələn duyğular sığmaz sözlərə.
Duyğu sözə dönsə solar yüz kərə,
O lal baxışların özünə qurban.
Gözlərə həsrətlə yol çəkəndə bax,
Yar gələn yollara göz dikəndə bax.
Gözlər damla-damla dil tökəndə bax,
O damla sözlərin duzuna qurban.
Dil susur, ruh uçur, ürək olur qan,
Sevdalı baxışlar danışan zaman.
Biri candan olur, biri alır can,
Can alan gözlərin nazına qurban.
Vurğun baxışları sözlər aldadar,
İntizar gözləri səslər aldadar.
Yar gələn yolların tozu bal dadar,
Yar gələn yolların tozuna qurban.
Payız ayrılığın səda rəngidir,
Şimşək bağırtısı vida zəngidir.
Gözlər tələsiyir, zaman ləngidir,
Vüsalın gələcək yazına qurban.













