Lerikdən qəzalı evlə bağlı şikayət (VİDEO)
Ötən ay əsən güclü külək paytaxt Bakı ilə yanaşı bölgələrə də ciddi ziyan vurdu. Təkcə Lerikdə onlarla evin damı uçdü, bir o qədər də mənzil yararsız hala düşdü. Güclü küləyin ziyan vurduğu ailələrdən biri də Lerikin kəndlərindən birində yaşayan Nəcəfovlar ailəsi oldu. Ağır maddi durumda yaşadığını deyən ailənin xanımı əlaqədar qurumlardan qəzalı vəziyyətə düşən evinin təmirinə kömək istəyir. ANS TV-nin əməkdaşı Lerik Rayon İcra Hakimiyyətində olaraq şikayətçilərin probleminə əlac tapmağa çalışıb.
Lerikin Andurmə kənd sakini Qumru Nəcəfova ağır maddi durumda yaşadığını deyən qadın əlaqədar qurumlardan qəzalı vəziyyətə düşən evinin təmirinə kömək istəyir.
Şikayətçi Qumru Nəcəfova artıq evdə qala bilmədiyini deyib: "Ev bərbad haldadır, divarları sökülür, evə girmək olmur. Onlar deyir ki, hələ imkan yoxdur, yağış da yağır, hamısı tökülür evin içinə. Gecə də evdə qala bilmirəm, gedirəm qonşuda qalıram".
Lerikin ucqar Andurmə kəndində yaşayan Qumru Nəcəfova ötən ay güclü qasırğa nəticəsində qəzalı vəziyyətə düşən evilə bağlı bütün əlaqədar qurumlara müraciətlərinin nəticəsiz qaldığını görüb. Kömək üçün ANS-ə üz tutub, əri birinci qrup əlil olan, özü də heç yerdə işləməyən qadın qəzalı evdə 3 uşağı və yaşı 100-ü ötən xəstə qaynatası ilə birgə yaşamağa məcburdur. Əgər buna yaşamaq demək mümkünsə.
Məsələyə aydınlıq gətirmək məqsədilə ANS əməkdaşı Lerik Rayon İcra Hakimiyyətinə baş çəkib. Lerik Rayon Fövqəladə Hallar Komisiyasının sədri ötən əsrin ortalarında çiy kərpicdən tikilmiş yaşayış evinin dam örtüyünün külək zamanı 15 kvadratmetr hissəsinin ziyan çəkdiyini, bununla bağlı müvafiq qurumlar tərəfindən akt tərtib olunub FHN-nə təqdim edildiyini bildirdi.
Lerik Rayon Fövqəladə Hallar Komisiyasının sədri Habil Məlikov rayonda bu cür şikayətçilərin çox olduğunu deyib: "Rayon ərazisində bu cür yaşayış evləri - 3, 5, 10 şiferi ziyan dəymiş vətəndaşlarımız çoxdur. Bir vətəndaş olsaydı, Lerik Rayon İcra Hakimiyyəti olaraq biz onlara kömək göstərərdik, vətəndaşların sayı çox olduğuna görə onlara kömək etmək Lerik Rayon İcra Hakimiyyətinin həm imkanları, həm də səlahiyyəti daxilində deyil".
Habil Məlikovun bildirdiyinə görə güclü külək nəticəsində ziyan çəkən 50 vətəndaşa kömək etmək ancaq Azərbaycan Respublika Fövqəladə Hallar Nazirliyi rayona zəruri inşaşat materialları göndərdikdən sonra mümkün olacaq.
ANS PRESS.com













