Главная » 2014 » Ноябрь » 3 » KOMMUNİSTLƏR AZAD TALIŞOĞLU SÖZÜNÜN İŞIĞINA TOPLAŞDILAR

KOMMUNİSTLƏR AZAD TALIŞOĞLU SÖZÜNÜN İŞIĞINA TOPLAŞDILAR

04-11-2014 в 00:20 просмотров: 234 комментариев: 0 Новости Талыша

Azərbaycan Kommunist Partiyasının qərargahında görkəmli şair, sədaqətli kommunist Azad Talışoğlunun yaradıcılığına həsr olunmuş ədəbi – bədii gecə keçirilmişdir. Tədbiri açan Azərbaycan KP MK-nın katibi Ədalət Abdinov bildirdi ki, Azad Talışoğlu – Quliyev Azad Əkbər oğlu 91 il öncə Masallı rayonunun Qodman kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısıdır. Döyüşdən qələbə ilə qayıdandan sonra daxili işlər orqanlarında sıravi milis kimi işə başlamış, sonralar milis polkovniki rütbəsinə qədər yüksəlmişdir. ADU-nun tarix fakültəsini bitirəndən sonra DİN-də bir çox məsul vəzifələrdə – Bakı Şəhər Daxili İşlər İdarəsinin, DİN-in pasport qeydiyyatı şöbəsinin rəisi işləmişdir. Özündən sonra zəngin ədəbi irs qoyub gedən Azad Talışoğlu 2008-ci ildə dünyasını dəyişmişdir.

Xətai rayonundakı S.Həsənov adına 63 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Sevda Baxşəliyeva “Azad Talışoğlu – poeziyamızın iftixarı” mövzusundakı məruzəsində qeyd etdi ki, şair gənc yaşlarından bədii yaradıcılıqla məşğul olmuşdur. 50-ci illərdən başlayaraq dövrü mətbuatda lirik şeirləri dərc edilmişdir. “Talış dağları” (1962), “Çiçəkli diyar” (1964), “Ana məhəbbəti” (1967), “Vətən eşqi” (1973) və başqa kitablarında (şairin 8 şeirlər kitabı işıq üzü görmüşdü) xalqa, vətənə, anaya, həmçinin çiyin-çiyinə çalışdığı asayiş keşikçilərinə həsr etdiyi şeirlər yer almışdır.

Ədəbiyyatşünas Rüstəm Rüstəmzadə 26 avqust 1974-cü ildə “Vətən naminə” (“Kirovabad kommunisti”) məqaləsində Azad Talışoğlunun yaradıcılığının əsasını “vətənpərvərlik, beynəlmiləlçilik, humanist ruhlu” şeirlərin təşkil etdiyini yazmışdır.

Azad Talışoğlunun qələmə aldığı son kitablarından biri müğənni Ruzə İbişovanın həyat və yaradıcılığına həsr olunmuşdur (“Sən oxuyanda”. Bakı: 2004). 2005-ci ilin yanvarında nəfis şəkildə tərtib olunmuş bu kitabın “Vahid” Poeziya Evində təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə xalq şairi Qabilin oğlu Malikin atasının Azad Talışoğlu ilə bağlı fikirləri xatırlandı: “Sovet dövründə Bakı şəhər Baş Polis İdarəsinin rəisi vardı – Azad Quliyev. Şair ruhlu adam idi. “Azad Talışoğlu” təxəllüsü ilə şeirlər də yazırdı. Şairlərə, yazıçılara böyük hörmətlə yanaşır, onların qayğısına qalırdı. Azad müəllim istefaya çıxdıqdan sonra doğulduğu Masallı rayonunda yaşayırdı. Günlərin bir günü atam dedi ki, “dayın Rafiqlə gedirik Masallıya. Azad Talışoğlunun 80 yaşıdır. Köhnə dostumuzu təbrik etmək lazımdır”. 100 dollar da konvertə qoydu ki, xətri nə istəsə özü alar.

Səhəri gün qayıtdılar. Atamın təəssüratı isə vəzifədə olan insanlara qiymət vermək baxımdan mənimçün bir etalona çevrildi: “Azad müəllim çox kövrəldi. Pulu almadı. Dedi ki, “sənin gəlişin mənimçün milyondur. Vəzifədə olduğum 30-40 il ərzində çox insana yaxşılıq etmişəm, türmədən qurtarmışam, düz yola qaytarmışam, çörək vermişəm, vəzifəyə qoymuşam… Onlardan heç biri bu gün məni yada salıb, təbrikimə gəlməyib. Bircə, Qabil, sən gəlmisən. Heç bir yaxşılığım keçməyən, təmənnasız, səmimi dost, şair Qabil”.

Həkim Loğman İsmayılzadə Azad Talışoğlu ilə bağlı şair Musa Yaqubun qeydlərini söylədi: “İşləmək üçün rayondan Bakıya köçdüm. Gəldim Mirzə müəllimin yanına. Qayıtdı ki, sən kənddən gəlmisən, təmiz oğlansan, təmiz uşaqsan. Mənə o saat nəşriyyat şöbəsinin müdirliyi vəzifəsini verdi. Amma işim sənədləşəndə Mirzə müəllimin katibəsi Kübra xanım dedi ki, şəhər qeydiyyatın yoxdu, səni işə götürmək olmaz. Mən də elə bilirəm ki, Mirzə müəllim deyibsə, qurtardı-getdi. Yox, gördüm qanun qanundur. Getdim Azad Talışoğlunun yanına. Şair idi, həm də Daxili İşlər Nazirliyinin pasport-masa rəisi işləyirdi (Burda bir məqamı, yeri gəlmişkən, qeyd etməliyəm. Şair Azad Talışoğlu ədəbi aləmdən başqa, qəzet, radio və televiziyada çalışan bir çox jurnalist və rejissorların – hələ mən tanıdıqlarımdan danışıram – “şəhər qeydiyyatı” məsələsini həll edib. Özü də pulsuz və minnətsiz. Xatırladım ki, o vaxtlar şəhər qeydiyyatına düşmək zülm idi. Allah Azad müəllimə qəni-qəni rəhmət eləsin! – Q.Ş).Götürdü zəng elədi o vaxtkı Ordjenikidze rayon pasport şöbəsinə. O rayonda əmim oğlu yaşayırdı. Məni onun evinə qeydiyyata götürməliydilər. Azad müəllim dedi ki, Bakıya xuliqanı qeydiyyata götürmürəm, şairi qeydiyyata götürürəm. Bu iş on günə düzəldi”.

Çıxış edənlər Azad Talışoğlunun çox adama yaxşılıq etdiyini söylədilər. Onlardan biri də muğam ustası Mürüvvət Rəzi oğlu Həşimovdur. Məhz Azad Talışoğlunun qayğısı sayəsində Mürüvvət Həşimova radio-televiziya efirində yer verilir və 1966-1967-ci illərdə radionun “Qızıl fond”u onun ifasında “Segah Zabul” dəstgahını, “Mirzə Hüseyn Segahı”nın “Manəndi-Müxalif” şöbəsində ” Baxdın maral kimi” xalq mahnısını, atası Rəzi bəyin arzusu ilə ifa etdiyi “Qaçaq Nəbi” mahnısını lentə yazdırır və bu ifalar uzun illər efirdə səsləndirilir.

S.Həsənov adına 63 saylı tam orta məktəbin şagirdlərindən Lalə Hüseynova, Bahar Verdiyeva, Natiq Xəlilov və Gültəkin Nağıyeva Azad Talışoğlunun ana, vətən, təbiət, talış dağlarına həsr etdiyi şerləri əzbər söylədilər.

Masallı rayonu, C.Kazımov adına Qodman kənd orta məktəbində şagirdlər arasında şeir müsabiqəsi keçirilərkən Azad Talışoğlu yaradıcılığına müraciət edənlərin qalib çıxması bu böyük şairə böyük oxucu məhəbbətinin nəticəsidir.

Tədbiri yekunlaşdıran Azərbaycan KP MK-nın katibi Ədalət Abdinov Azad Talışoğlu şerinin işığına toplaşanlara təşəkkür etmiş, onun Azad Talışoğlunun əziz xatirəsini doğulub boya-başa çatdığı Masallı rayonunda əbədiləşdirmək üçün hökumət qarşısında məsələ qaldıracağıq, – fikri alqışlarla qarşılandı.

Azərbaycan KP MK-nın mətbuat xidməti

realtv.az/kommunist


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org