İstanbulda yeni toqquşma

İstanbulun Taksim meydanında Gəzi hadisələrinin ildönümü ilə bağlı yeni toqquşmalar başlayıb.
Talysh Post.org-in məlumatına görə, etiraz aksiyaları 2013-cü ilin mayında Taksim meydanında baş vermiş kütləvi etirazların ildönümü ilə əlaqədar keçirilir.
İstanbulda asayiş keşikçiləri Taksim meydanı yaxınlığında minlərlə etirazçının qatıldığı aksiyanı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edərək dağıdıb. Saxlanılan və xəsarət alanlar barədə məlumat verilmir.
Toqquşmalar Ankarada, Adanada və bir sıra başqa şəhərlərdə də baş verib.
Qeyd edək ki, Gəzi hadisələrinin birinci ildönümü təkcə Türkiyədə deyil xarici mətbuatın da diqqətindədir. Beynəlxalq mətbuat agentliklərinin diqqətini hadisələrin ildönümündə meydanda olan polisin coxlüğü çəkib. Avropa mətbuatı "Türk polisi üçün səfərbərlik elan edildi" manşetini verib.
Almaniyanın “Spiegel” jurnalının internet saytında “Ərdoğan nəhəng təhlükəsizlik ordusunu hərəkətə keçirdi” başlıqlı Gəzi hadisələrinin ildönümündə yaşana biləcək hadisələrə qarşı İstanbulda təhlükəsizlik tədbirlərinin keçirildiyi qeyd olunur. Jurnal yazıb: "25 min təhlükəsizlik güvəlləri, 50 təzyiqli su maşını, zirehli maşını ilə Türkiyə baş naziri Ərdoğan Gəzi hadisələrinin birinci ildönümü etirazlarının qarşısını almaga çalışır".
CNN International "CNN müxbiri canlı yayında saxlanıldı. Türkyə polisi CNN müxbiri Ivan Vatsonun canlı yayım zamanı pasaportunu təqdim etməsini istədi" yazıb.
Le Monde "Türkiyədəki qiyamın birinci ili" deyə manşet verib. Vaşinqton Post , "Türk fəallar , etirazların birinci ilini qeyd edir" başlığını verıb.
















