İŞİD qadınları 5 minə satır (FOTO)
İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə bağlı yeni iddia ortaya atılıb.
TalyshPost.org-in məlumatına görə, İŞİD zülmündən qaçaraq Türkiyəyə sığınan yezidilər başlarına gələn müsibətlərdən danışıblar. Şırnakın Silopi bölgəsinə yerləşən yezidilər baş verən vəhşiliklə əlaqədar təəccüblü detalları açıqlayıblar.
İŞİD-in ələ keçirdiyi Sincardan qaçaraq Şırnakda sığınan yezidilərdən Bəkir İlyas 500-ə yaxın qadın və qızın İŞİD üzvləri tərəfindən qaçırıldığını iddia edib:
"Qadınların bəziləri əsir olaraq götürüldü, bəziləri isə satıldı. Gənc qızlarımız isə Ərəbistan yarımadasına aparıldı. Burada zənginlərə 5 min dollara satılır", - deyə yezidi köçkün bildirib.
Bəkir İlyasın sözlərinə görə, İŞİD-lilər xalqın arasına qarışaraq çox sayda qadın və uşağı öldürüb: "3 gün boyunca Sincar dağında qaldıq. Yemək və su yox idi. Daşların üzərində yatırdıq. PKK-nın açdığı təhlükəsizlik koridorundan Suriyanın Rojava bölgəsinə keçdik. Rojavadan bura gəldik".















