İŞİD-ı qatan çeçen gözəl
Çeçen gözəl İŞİD terrorçu qruplaşmasını bir-birinə qatıb. TalyshPost-ın məlumatına görə, Ramzan Kadırovun nazirinin qızı bir müddət öncə İŞİD-a qoşulub. Gözəlliyi dillər əzbəri olan Seda İŞİD döyüşçüsü ilə evlənmək üçün lüks həyatını qoyaraq Suriyaya gedib.
Çeçen nazir Asu Dudurkaevin qızı olan gənc qadın Suriyada döyüşən gürcü Hamzat ilə internet vasitəsilə tanış olub. Hamzat İŞİD liderlərindən biri olan Əbu Ömər Şişhaninin sağ qolu olub. Şişhani və Hamzat eyni kənddən olublar.
Döyüşlərdən birində Hamzat yaralandığı üçün çeçen gözəl Seda onun yanına getmək haqqında qərar verib. O, Türkiyədəki vasitəçilərin köməyi ilə Suriyaya keçib və bir daha geri dönməmək haqda qərar qəbul edərək Hamzat ilə evlənib.
Sedanın İŞİD-a qatılması barədə xəbərlər yayılandan sonra atası "qızına nəzarət edə bilmədiyi üçün" işdən çıxarılıb. Kadırov Sedanın qaytarılmasının Çeçenistan üçün qürur məsələsi olduğunu deyib.
Bu ərəfədə Hamzatın anası Leila Açişvili oğlu ilə Skype vasitəsilə əlaqə yaradıb və onu Suriyada ziyarət etmək üçün icazə ala bilib. Çeçen rəsmilər Açişvili ilə əlaqə quraraq Suriyaya gedəndə Sedanı geri gətirməsini istəyiblər.
İŞİD döyüşçüsünün anasının sözlərinə görə, gəlimi və oğlu Suriyada olduqca yoxsul vəziyyətdə yaşayıb. Amma bu daha öncə zəngin həyat sürən Sedanı o qədərdə maraqlandırmayıb. "Ona ailəsinin geri çağırdığını deyəndə Seda Suriyada özünü azad hiss etdiyini və orada öləcəyini deyib".
Açişvili Suriyadan Gürcüstana qayıdandan bir necə gün sonra oğlu Hamzat döyüşlərdən birində öldürülüb. Hamzatdan sonra Seda Çeçenistana qayıtmağa razılıq verib. Lakin Əbu Ömər buna razı olmayıb. İddiaya görə, o "bir şəhidin arvadını yalnız qoymaq olmaz" deyərək Seda ilə evlənib.
Bu hadisədən sonra Əbu Ömər Şişhaninin çeçen gözəl uğrunda uşaqlıq dostu olan Hamzatı qəsdən öldürdüyünü haqqında xəbərlər yayılıb. Çünki gürcü gənc döyüşdən qayıdarkən içində olduğu maşın partladılmışdı. Onun bu yolla ölməsi şübhəli hesab edilir.
Xatırladaq ki, gürcü Əbu Ömər Şişhaninin Kobaniyə hücumlara liderlik edən komandanlardan biri olduğu iddia edilir. İŞİD terrorçu qruplaşmasının liderlərindən biri Ömər əl-Şişhani (ləqəbi "Ömər-çeçen") növbəti hədəflərinin Rusiya olacağını bəyan edib.













