Fələstində birlik hökuməti and içdi

Fələstində bir müddət əvvəl qurulan yeni birlik hökumətinin andiçmə mərasimi olub. Fələstin lideri Mahmud Abbas Ramallah şəhərindəki qərargahında yeni nazirləri qəbul edib.
Yeni hökumət hazırkı baş nazir Rami Həmdallah tərəfindən idarə olunacaq. Nazirlər kabinetinin tərkibi həm Fəth, həm də Həmas partiyası tərəfindən razılaşdırılıb. Tərəflər arasında əldə olunan razılıq münasibətlərin inkişafı istiqamətində müsbət addım kimi dəyərləndirilir.
Hər iki partiya indiyə kimi müstəqil şəkildə ölkəni idarə edirdi.
Partiyaların birliyi digər tərəfdən ABŞ dövlət katibi Cob Kerrinin rəhbərliyi altında icra olunan yaxın şərq sülh danışıqlarının dondurulmasına səbəb oldu. İsrail terrorçu qruplaşma kimi tanığı Həmasdan dəstək alan hökumətlə danışıqlara getməyəcəyini bildirib. Ölkənin baş naziri Benyamin Netanyahu bir daha Həmasın terror təşkilatı olduğunu dilə gətirib. «Həmas İsrailin yer üzündən silinməsini istəyir, beynəlxalq ictimaiyyət buna qarşı çıxmalıdır» - deyə Netanyahu qeyd edib. Rəsmi Tel Əviv Fələstinə maliyyə sanksiyaları tədbiq edəcəyini bəyan edib.
Həmas ilə Fəth partiyası aprel ayında tarixi barışıq elan etmişdi.
İsrail, Misir, İordaniya və Qərb ölkələri Həması terror təşkilatı kimi tanıdığı halda, Rusiya, Türkiyə və Çin kimi ölkələr bu fikir ilə razılaşmır.













