Eldəniz Quliyevin ölkədən çıxmasına qadağa qoyuldu
Sentyabrın 10-da Ziyalılar Forumunun sədri Eldəniz Quliyev Nəsimi rayon məhkəməsinə çağrılıb. Bu haqda AzadlıqRadiosuna o özü məlumat verib. Eldəniz Quliyevin sözlərinə görə, onu «qətimkan tədbiri» ilə bağlı dəvət ediblər:
«Amma bunun nə olduğunu izah etmirlər. Hər halda, bu həbs qətimkan tədbiri olmayacaq. Çox güman bu mənim hərəkət məhdudiyyətimlə bağlı olacaq, ölkədən çıxmayım və s. Halbuki bu günə məhkəmə gözlənmirdi. Dünən - sentyabrın 9-da məhkəmənin qərarı ilə mənim statusum, dediklərim linqvistik ekspertizaya göndərilmişdi. Amma bu gün qəfildən təcili belə qərar verildi».
Eldəniz Quliyev bir qədər əvvəl sosial şəbəkədə yol polisinin davranışı ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət etmişdi. Bundan sonra nazir Ziyalılar Birliyinin üzvünü polisi təhqir etdiyi və böhtan atdığını əsas gətirib məhkəməyə vermişdi.













