Bütxana məscid libasında
İslam peyğəmbərinin (s) bir məscidi uçurması barədə çox danışılır. Əgər məscid Allahın evidirsə onu hansı əsasla uçurmaq olar? Həyatda nə varsa onun həqiqisi və saxtası olur. Məscid də bu qəbildəndir. Bəzən bütxana məscid libası geyinir.Qurani-Kərimin “Tövbə” surəsində bir qrup münafiqdən danışılır. Bu münafiqlər böyük bir hiylə ilə meydana daxil olurlar. Amma Allahın lütfü müsəlmanların köməyinə gəlir və münafiqlərin hiyləsi puça çıxır.
Rəvayətlərə əsasən Bəni Əmr ibn Ovf camaatı Quba məscidini tikdilər. Onlar Peyğəmbərdən (s) xahiş etdilər ki, bu məsciddə namaz qılsın. Peyğəmbər (s) dəvəti qəbul edib məscidə gəldi, orada namaz qıldı. Bəni-Ğənəm ibn Ovf qəbiləsindən olan münafiqlər Quba məscidini tikənlərə paxıllıqdan fitnə fikrinə düşdülər. Onların məqsədi Quba məscidinə toplaşanları dağıtmaq idi. Bu münafiqlər Əbu Amir adlı rahibin yolunu gözləyirdilər. Rahib söz vermişdi ki, Rum qoşunu ilə gəlib Peyğəmbəri (s) Mədinədən çıxaracaq.
Onlar məscid tikdilər və Peyğəmbəri (s) məscidə dəvət etdilər. Həmin vaxt Təbuk savaşına yola düşən Peyğəmbər (s) vəd etdi ki, Mədinəyə qayıdandan sonra onların məscidinə gələcək. Bu arada ayələr nazil oldu. Birinci ayədə oxuyuruq: “(Quba məscidinə və müsəlmanlara) Zərər vurmaq, küfr etmək, möminlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən (gəlib onlara rəhbərlik edəcəyi təqdirdə) göz-qulaq olmaq üçün məscid düzəldən və: “Biz (bununla) yaxşılıqdan başqa bir şey istəmədik”, - deyə and içənlərin (münafiqlərin) , həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir!” (Tövbə, 107) Ayənin davamında buyurulur: “(Ya Rəsulum!) Orada heç vaxt namaz qılma. İlk gündən binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları (özlərini cismən təmizləyənləri, mənəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər!” (Tövbə, 108)
“Elə isə (məscid) binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin(uçurumun) kənarında qurub onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalım tayfanı doğru yola yönəltməz!” (Tövbə, 109) Münafiqlərin məqsədləri 4 istiqamətdə xülasələşdirilir:
1. Onların məqsədi müsəlmanlara zərər vurmaqdır. İşin başlanğıcında iddia edirdilər ki, məqsədləri müsəlmanlara kömək, xəstələrə və yoxsullara yardımdır. Əslində isə Peyğəmbəri (s) səhnədən çıxarmaq istəyirdilər. Hətta İslamın kökünü qazmağa çalışırdılar.
2. Küfrü gücləndirmək, cəmiyyəti İslamdan öncəki durumuna qaytarmaq.
3. Müsəlmanlar arasında təfriqə yaratmaq. Bu məscid Quba məscidinə yaxın idi. Münafiqlərin tikmək istədiyi məscid Peyğəmbər (s) məscidini də rövnəqdən salırdı. Bəzi təfsirçilər mövzunu belə şərh edirlər ki, məscidlər cəmiyyətdə qarşıdurmaya səbəb olacaq qədər yaxın tikilməməlidir.
4. Məqsədləri Peyğəmbərlə (s) mübarizə mərkəzi yaratmaq idi. Onlar bu məscid vasitəsi ilə təfriqəni gücləndirmək, öz çirkin niyyətlərini həyata keçirmək istəyirdilər.
Bütün bu çirkin məqsədlər gözəl libasda səhnəyə çıxırdı. Hətta and içirdilər ki, heç bir çirkin məqsədləri yoxdur. Münafiqlərin proqramında zahiri gözəlliklə yanaşı yalan andlar yer alır. Bütün bunlar ictimai fikri azdırmaq üçündür.
Quran əlavə edir ki, hamının qəlbindən agahdır, qeyb də aşkar kimi göz qabağındadır. Quran bu adamları yalançı adlandırırdı. Ayədə onların yalanı təkidlə ittiham olunur. Ərəb ədəbiyyatı ilə yaxından tanış olanlar bu ifadələrdəki barışmaz mövqeyi yaxşı görürlər. Allah yalançıları sərt şəkildə təkzib edir. Sonrakı ayədə mövzuya diqqət daha da artır. Peyğəmbərə (s) bu məsciddə namaz qılmaq qadağan edilir. Buyurulur ki, yalnız təqva üzərində qurulmuş məscidlər layiqdir. Öncədən küfr və nifaq məqsədi ilə tikilən məscid ibadət üçün münasib deyil.
Ayədə iki şeyin layiq olub-olmaması nəzərdən keçirilmir. Layiqlə qeyri-layiq əsas mövzudur. Belə yanaşmanın Quran və hədislərdə nümunəsi çoxdur. Bəzən günahkar, oğru bir şəxsə deyilir ki, düzgünlük daha üstündür. Bu o demək deyil ki, oğurluq yaxşıdır, amma düzgünlük daha üstündür. Buyuruğun məfhumu budur ki, düzgünlük yaxşı, oğurluq isə pisdir. Təfsirçilər bildirir ki, ibadət üçün münafiqlərin tikdiyi Zirar məscidi yox, onun yaxınlığındakı Quba məscididir. Olsun ki, Peyğəmbər (s) məscidi deyəndə bünövrəsi təqva üzərində qurulmuş bütün məscidlər nəzərdə tutulur. Amma Quba məscidinin Mədinədə tikilmiş ilk məscid olduğunu nəzərə alsaq ayənin mənası bir qədər fərqlənir.
Quran əlavə edir ki, bünövrəsi təqva üzərində qurulmuş bu məscidin digər bir imtiyazı orada paklanmağı sevən insanların ibadət etməsidir. Burada zahiri paklıq nəzərdə tutulmur. Bununla belə təfsirçilər arasında fərqli baxış mövcuddur. Tibyan, Məcməul-bəyan təfsirlərində ayə ilə bağlı buyurulur ki, burada nəzərdə tutulan paklıq fiziki paklıqdır. Çünki həmin şəxslərdən nə üçün mədh olunduqları soruşulduqda özlərini su ilə pakladıqlarını bildirirlər. İmam Baqir (ə) və imam Sadiqdən (ə) də bu məzmundə rəvayətlər nəql olunub. Bununla belə rəvayətlər ayənin daha əhatəli mənasını məhdudlaşdırmır. Burada paklıq deyiləndə fiziki paklıqla yanaşı şirk və günahdan uzaqlıq, ruhani paklıq nəzərdə tutulur.
Növbəti ayədə iki qrup müqayisə olunur. Soruşulur ki, bünövrəsini təqva üzərində quran üstündür, yoxsa eyni bünövrəni cəhənnəm kənarında qoyan? Ayədə ərəb ədəbiyyatı baxımından zərif nöqtələr var. Hər halda təqvadan uzaq bir məscid bünövrəsi boş binaya bənzədilir. Ayəyə görə məscidi möhkəm təqva üzərində tikənlər mömin, çay kənarında, sel qarşısında tikənlər münafiqdir. Bəli, nifaqın zahiri var, batini puçdur. Xalis niyyətlə tikilməmiş məscid bir anda uça bilər. Münafiqlər özləri də belədir. Onların batini bir anda açılır. Pəhrizkarlıq, Allahın razılığını nəzərdə saxlamaq varlıq aləminə hakim nizama uyğundur. Nifaq isə varlıq aləminə hakim qanunlara qarşı çıxmaq, eyni zamanda özünə zülm etməkdir. Ayənin sonunda buyurulur ki, Allah zalımları hidayət etməz.
Məcməul-bəyanda deyilir: Təfsirçilərin rəyinə görə Quba məscidi tikiləndə münafiqlər bu işə həsəd apardılar. Bəzi mənbələrdə münafiqlərin 12 nəfər olduğu bildirilir. Bəzi mənbələrə görə isə onlar 15 nəfər olub. Sələbə ibn Hatəb, Mətəb ibn Quşeyr, Nəbtəl ibn Haris bu qrupdan idi.
Onlar məscid tikib aranı qarışdırmaq üçün Peyğəmbərə (s) müraciət edəndə bu işi uzaq yol gedə bilməyən zəiflər üçün gördüklərini dedilər. Dedilər ki, yağışlı, soyuq gecələrdə bu məscidə gəlmək daha asandır. Peyğəmbəri (s) məscidə dəvət etdilər, ondan dua istədilər. Həzrət buyurdu: “Mən yol üstəyəm, inşaallah qayıtsam, məhəllənizə gəlib məscidinizdə namaz qılaram.” Amma Peyğəmbər (s) Təbukdan qayıdanda nazil olmuş ayələr əsil vəziyyəti işıqlandırdı.
Həzrət Peyğəmbər (s) Asim ibn Ovf Əclani və Malik ibn Dəxşəmi çağırıb, onlara göstəriş verdi ki, fitnəkarların məscidini uçursunlar. Bəzi rəvayətlərə görə Əmmar və Vəhşi həmin məscidə od vurublar. Əllamə Təbatəbai yazır: “Bəni Əmr ibn Ovf qəbiləsindən olan Malik və Amir məscidi uçurmaq üçün göndərildi. Malik Amirə dedi ki, səbr et, qoy od gətirim. Məscidin tavanı xurma ağacından idi. Məscidə od vurdular, sonra dörd divarını uçurdular.
Durrul-Mənsur kitabında yazılır ki, Zirar məscidini 12 nəfər tikmişdi. Sonra bu 12 nəfərin adı bir-bir sadalanır.
(خذام بن خالد بن عبيد بن زيد، ثعلبة بن حاطب، هلال بن اميه، معتب بن قشير، ابو حبيبة بن ازعر، عباد بن حنيف، جارية بن عامر، مجمع، زيد، نبتل بن حارث، بخدج بن عثمان، وديعة بن ثابت)
HaqqYolu













