AXCP Əli Kərimlinin diktatura məngənəsində
Yaxud, AXCP sədrinin yaratdığı dözülməz şərait onun demokratiyaya necə əməl etdiyini ortaya qoyur
Radikal düşərgədə funksionallıq baxımından heç bir önəm kəsb etməyən və autsayderlər sırasında yer alan AXCP-nin Əli Kərimlinin diktatura məngənəsində boğulduğu kimsəyə sirr deyil. Çünki artıq bunu partiyanın keçmiş üzvləri də etiraf edirlər.
Daha dəqiq desək, reallıq bundan ibarətdir ki, hazırda AXCP Əli Kərimlinin əlbuyruğu partiyasından özgə bir mahiyyət kəsb etmir. Partiyanın iki cüt, bir tək təmsilçilərinin hamısı Əli Kərimlinin ağzına baxaraq tutuquşu kimi onun dediklərini təkrarlayır və AXCP sədrinin diktəsi ilə oturub dururlar. Bir sözlə, bu partiyada sədrin iradəsindən kənar heç nə baş vermir. Əli Kərimli ən xırda məsələlərdə belə hətta öz müavinlərinə də şübhə və hikkə ilə yanaşır. Maliyyə məsələləri isə Əli Kərimlinin, necə deyərlər, ən yaralı yeridir. Belə ki, o, xaricdəki antimilli dairələrdən AXCP-yə yönəldilən ianələrin, qrantların haqq-hesabını çox məxfi qaydada həyata keçirir, bu mövzuda danışmaq istəyənlərin dərhal “ağzından vurur”. Məsələn, bir qədər bundan əvvəl Əli Kərimlinin xarici fondlar tərəfindən partiya üzvünə göndərilən mükafatı, həmçinin, nəzarətində olan mətbuat orqanının maliyyə vəsaitini dədə malı kimi cibinə qoyması ilə bağlı faktların üstü açılanda, AXCP sədrinin heç tükü də tərpənmədi, sanki elə belə də olmalı imiş.
Yeri gəlmişkən, yuxarıda da vurğuladığımız kimi, AXCP-də Əli Kərimlinin sərt diktatura rejimi yaratdığını partiyanın keçmiş təmsilçiləri də dəfələrlə etiraf ediblər. “Bunu hamımız sosial-şəbəkələrdən də aydınca görürük. Onların bir amalı var: İlk növbədə, partiyamızın sədri, sonra da yerində nə qalarsa, xalq. Belələri üçün partiya sədri xalqdan çox yüksəkdə dayanır. Fikir vermisinizsə, AXCP-də ikinci və üçüncü adamların sözləri heç vaxt eşidilməyib, o zaman eşidilib ki, partiyanın sədrinə hansısa irad bilinən zaman”. Bu sözləri partiyadakı dözülməz diktatura rejiminə etiraz əlaməti olaraq AXCP ilə yollarını ayıran Mirzə Sakit deyib.
Qeyd edək ki, Mirzə Sakit AXCP-də Əli Kərimlinin yaratdığı diktatura rejimindən bezib partiyadan gedənlərə yeganə nümunə deyil. Asəf Quliyev və digərləri də bu sıradadır. Bir müddət bundan öncə isə AXCP-də müşavir statusu daşıyan Rəsul Mirhəşimli Əli Kərimlinin əlbuyruğu partiyasından uzaqlaşıb.
Əlbəttə, Əli Kərimlinin özü müxtəlif manevrlər işlədərək diqqəti partiyasındakı istefalardan yayındırmaq üçün çoxsaylı cəhdlər göstərir. Fəqət, cidanı çuvalda gizlətmək mümkün deyil. Partiyadan istefa verənlərin, necə deyərlər, dillərini dinc qoymamaları isə Əli Kərimlini daha da pis vəziyyətə salır.
Bu mənada AXCP-dən sonuncu gedən Rəsul Mirhəşimlinin radikalların nəzarətində olan KİV-lərə verdiyi açıqlamalar daha çox diqqəti cəlb edir. Belə ki, AXCP ilə yollarını ayıran R. Mirhəşimli son günlərədək sıralarında olduğu partiyanı belə xarakterizə edib: “Bu təşkilatda fəlakət o zaman başladı ki, 4-5 nəfər istisna olmaqla, rəhbərliyə qaragüruhçular, “bizimlə olmayan bizə düşməndi” düşüncəsini həyat tərzinə çevirənlər, başqaları qarşısında öhdəliklər götürənlər yığışdı. Bu da təşkilatı Azərbaycan siyasi tarixinin keçmişinə çevirdi, gələcəyinə deyil...”
R.Mirhəşimli həmçinin AXCP-nin sıralarını tərk etməsindən peşiman olmadığını da bildirib. Sabiq AXCP yetkilisi mətbuata verdiyi geniş müsahibədə isə him-cimlə danışmağı kənara qoyaraq Əli Kərimlinin əlbuyruğu partiyasını xarakterizə etmək baxımından daha ciddi açıqlamalar dilə gətirib: “Siyasi fəaliyyət göstərmək imkanlarım minimum olduğundan partiya sıralarını tərk etmişəm”.
R.Mirhəşimlinin məlum açıqlaması, həmçinin, AXCP-də kəskin ruh düşkünlüyü yaşandığını da bir daha ortaya qoyub: “Perspektiv görmürəm. Əgər siyasi partiyalar ölkədəki siyasi proseslərə təsir imkanlarına malik deyillərsə, orda qalmağım öz-özümü aldatmaqdan başqa bir şey deyil”.
Beləliklə, baş verən istefalardan, dabanlarına tüpürüb partiyadan gedənlərin bu kimi açıqlamalarından sonra, gərək, Əli Kərimlinin bir daha demokratiyadan danışmağa dili olmasın. Necə deyərlər, AXCP sədri güclü demokratiya aşiqidirsə, ilk növbədə, bunu öz əlbuyruğu partiyasında təmin etmək qayğısına qalsın...
Mübariz Abdullayev













