Astaralılar icra başçısına qarşı çıxdı

Astaranın icra başçısı Qəzənfər Ağayev camaatın qəzəbinə tuş gəlib. Rayondan verilən məlumata görə, ötən həftə rayonun Tüləküvan kəndində yerli əhali ilə səyyar görüş keçirən icra başçısı gözlənilməz vəziyyətə düşüb.
Məlumatda deyilir ki, camaatın qarşısında çıxış edən Ağayev rayonda aparılan abadlıq, quruculuq işlərindən bəh-bəhlə danışıb. Amma sakinlər icra başçısının sözünü kəsərək, rayonun inkişafı barədə deyilənlərə etirazlarını bildiriblər. Yerlərdən isə “Siz öz fəaliyyətinizdən danışın” replikaları atıblar. Bu azmış kimi, Qəzənfər Ağayevi fitə də basıblar.
Daxil olan məlumata görə, ən maraqlı məsələ kənd bələdiyyəsinin sədri Firudun Abbasov da narazılıran sırasına qoşularaq, kəndə hələ də təbii qaz xəttinin çəkilmədiyini bildirib. O daha sonra icra başçısına üzünü tutaraq, yolun bərbad vəziyyətdə olduğunu, əhalinin içməli su tapa bilmədiyini, elektrik xətlərinin təmirə ehtiyac olduğunu, yeni transformatorun alınmasını, yeni məktəb binasının tikintisini, Şəmətük kəndində çay üzərində körpü salınmasına ehtiyac olduğunu dilə gətirib.
Məlumata görə, icra başçısı Qəzənfər Ağayev bu deyilənlərin qarşısında şoka düşüb. Və camaatın qarşısında söz verib ki, əhalinin qaldırdığı problemlərin həllini yaxın zamanlarda reallaşdıracaq.
jam.az













