Главная » 2014 » Апрель » 11 » 1947-ci il. Bağırov və Bərzani. Kürdlərin Bakıdan köçürülməsi

1947-ci il. Bağırov və Bərzani. Kürdlərin Bakıdan köçürülməsi

11-04-2014 в 16:04 просмотров: 172 комментариев: 0

Azərbaycanda olduğu dövrdə Mustafa Bərzaninin burada yaşayan kürdlərlə çoxsaylı görüşləri təşkil olunur, habelə o, Ermənistandakı kürdlərlə tanış olmaq üçün dəfələrlə Yerevana gedir. Onun təklifləri sayəsində Bakıda kürd yazıçı və şairlərinin əsərləri çap olunur, Yerevanda isə kürd radiosu açılır və 1937-ci ildə bağlanmış kürd dilində qəzet bərpa edilir.

Həmin dövrdə Yerevan pedaqoji məktəbində kürd fakültəsi açılır, Ermənistan Dövlət nəşriyyatında (“Armqosizdat”) isə kürd dilində ədəbiyyatın nəşri üzrə xüsusi komissiya yaradılır. Bu da hamısı deyil: Ermənistan Yazıçılar İttifaqının tərkibində kürd seksiyası, Ermənistan Elmlər Akademiyasında kürdşünaslıq bölməsi, Yerevan universitetində isə kürdoloji fakültə yaradılır. Azərbaycana nisbətən, Ermənistanda kürdlərlə bağlı tədbir və yeniliklərin çoxluğunu isə yəqin ki, Mircəfər Bağırovun Bərzaniyə olan nisbətən inamsız münasibəti ilə əlaqələndirmək olar.

Bərzaninin daha bir ideyası Azərbaycan ərazisində Kürd muxtar rayonunu bərpa etmək idi. Məlum olduğu kimi, vaxtilə Laçın və Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl, Şuşa rayonlarının ərazisində “Qırmızı Kürdüstan” mövcud idi. Sonralar ləğv olunan həmin strukturun yenidən yaradılması ideyası istər Moskvada, istərsə də Bakıda neqativ qarşılanır. O cümlədən, Mircəfər Bağırov həmin ideyaya böyük skepsislə yanaşırdı, Bərzaninin öz millətinin nümayəndələrinə nəzarət istəyini isə onun “öz xanlığını yaratmaq” cəhdi kimi qiymətləndirirdi. Ümumiyyətlə, kürd xalqında olan arxaik tayfa münasibətləri və sərt iyerarxiya Mircəfər Bağırovun tənqidinə səbəb olur.

Bərzaninin digər istəyi isə İraqa dönəndən sonra orada Kürdüstan dövləti yaratmaq barədə Stalini yola gətirmək idi. Sudoplatovun memuarlarından bəlli olur ki, Stalin həmin ideyaya da qol çəkmir.
***
Vadim Udilov “SSRİ-də terror aktları və təxribatlar” kitabında yazır: “Bərzani bəyan edir ki, İran hakimiyyətinə qarşı mübarizəni davam etdirmək niyyətindədir və Sovet hökumətindən onun dəstəsinə istirahət üçün bir neçə ay vaxt, silah-sursat verilməsini, hərbi təlimlər üçün şərait, sonra da İrana qayıtmaq üçün icazə verilməsini xahiş edir. İrandan təslimçi qaçışın revanşını götürmək ideyası həm Moskva, həm də Bakıda partiya rəhbərliyinin xoşuna gəlir. 1949-cu ildə DİN-in Stalinə məruzəsində bu barədə deyilir: “Mustafa Bərzaninin arzularına uyğun olaraq Azərbaycan KP(b) MK-nin katibi yoldaş Bağırov hökumətə Bərzaninin dəstəsinin Xəzər dənizi sahilindəki düşərgələrdən birində yerləşdirmək, onları ərzaq və sursatla təmin etmək, habelə şəxsi heyəti hərbi işə öyrətmək barədə təkliflər verib”.

Hökumət müvafiq qərarı qəbul edir. Həmin qərara əsasən, Bərzaninin dəstəsindən 3 atıcı bölük, artilleriya batareyası, minaatıcı batareya, minaaxtaran taqım, rabitə və tank taqımları formalaşdırılır. SSRİ Silahlı qüvvələri Nazirliyindən şəxsi heyətə təlim keçmək üçün 25 zabit göndərilir.

Elə görünür ki, SSRİ Bərzaninin dəstəsindən ordu özəyi kimi istifadə etməklə miqyasca böyük olmayan müharibəyə hazırlaşır. Əks halda onun əsgərlərindən tankçı hazırlamaq nəyə gərəkdir?! Ancaq çox tezliklə bəlli olur ki, Sovet rəhbərliyi kürd xalqının planlarını qətiyyən düzgün anlamayıb: Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Nazirliyinin (DTN) Moskvaya məlumatında göstərilir ki, Bərzaninin şeyx komissarları inanclı kürdlər, həmçinin azərbaycanlılar qarşısında xütbələrlə çıxış etməklə onları heç də Sovet hakimiyyətini sevməyə çağırmırdılar. Yəni, söhbət teokratik bir iyerarxiyadan gedir, Bərzaninin Sovet quruluşu haqda söylədiyi pafoslu kəlmələr isə niyyətlərini ört-basdır etmək fəndindən başqa bir şey deyilmiş.

DİN-in Stalinə məruzəsində deyilir: “Bir müddət sonra agentura yolu ilə müəyyən edildi ki, Mustafa Bərzani siyasi savadsız şəxs olmaqla bərabər, kürd tayfalarını birləşdirərək onlardan knyazlıq qurmaq və bu knyazlığın rəhbəri olmaq niyyətindədir. O, SSRİ-də olduğu dövrə onun heç nəyə öhdəlik götürmədiyi müvəqqəti bir təzahür kimi baxır. Bu cür əhval-ruhiyyəni nəzərə alaraq yoldaş Bağırov hökumət qarşısında məsələ qaldırıb ki, kürd xalqının dəstələri Azərbaycan SSR ərazisindən çıxarılsın və bacardıqca İranla sərhəddən uzaqda yerləşdirilsin…”

Bağırovun təklifi yetərli olur. SSRİ Nazirlər Sovetinin 1948-ci il 9 avqust tarixli qərarına əsasən DİN tərəfindən Bərzaninin dəstəsinin Bakıdan çıxarılaraq Özbəkistan SSR ərazisinə, Daşkənd dəmir yolunun Verxneye-Komsomolskoe stansiyasına daşınmasına başlanılır. Bakıdan kürdlərin çıxarılması birdəfəlik aksiya kimi yox, hissə-hissə, xırda dəstələr halında icra olunur. Onlar yeni ərazidə kolxozlarda yerləşdirilir, eyni zamanda burada hərbi təlimləri keçmək üçün şərait də yaradılır. DİN-in məruzəsində qeyd olunur ki, 1948-ci ilin

sonunda Mustafa Bərzanin Özbəkistan komunistlərinin başçısı Yusupovla görüşü olur və həmin görüşdə Bərzani öz dəstəsinin şəraitindən narazılığını bildirərək vəziyyətin və gələcək planların müzakirəsi üçün Stalinlə görüşü təşkil etməyi Yusupovdan xahiş edir.

Göründüyü kimi, Sovet hökuməti Bərzaninin heç də “kommunizm qurucusu” olmadığını aydınlaşdıran kimi kürdlərin Bakıdan uzaqlaşdırılmasını qərarına gəlir. Yəni, bu siyasi oyunda hər kəsin öz mənafeyi vardı, üstəlik bu mənafelər üst-üstə düşmürdü. Həmin dövrdə (ta 1950-ci illərin ortalarına qədər) kürdlər Yaxın Şərqdə SSRİ-nin yeganə müttəfiqi idi və Moskva onlardan istər İraqda, itərsə də Suriyada Qərbə qarşı yararlanmaq niyyətindəydi. Bərzani isə öz növbəsində ya İranda, ya da İraqda müstəqil Kürdüstan dövləti qurmaq üçün əlləşirdi.
***
DİN-in məruzəsindən də görünür ki, Bərzaninin dəstəsinin Azərbaycandan kənarlaşdırılmasıda maraqlı olan şəxslərdən biri məhz Bağırov idi. Kürd müəlliflər tərəfindən yazılmış “Mustafa Bərzani” bioqrafik kitabında da bu versiya vurğulanır. Kitabdan bir epizod:
“Bərzani tərəfdarları özlərinin Orta Asiyaya sürgün olunmalarını repressiya kimi qəbul edirlər və Bağırovla Bərzani arasındakı münasibətlərin pisləşməsi ilə əlaqələndirirlər. Məsələn, onlar Daşkənddə Orduxan Cəlilə belə bir əhvalat danışır: “Bağırovun ad günündə bayram süfrəsi arxasında yubilyarın yaxınları ilə bərabər “Tudə”nin MK-nin katibi Pişəvəri və general Bərzani də əyləşibmiş. Şən söhbətlər və sağlıqlardan sonra Bağırov hiss edir ki, Bərzani çox qayğılıdır və üzünü ona çevirərək soruşur: “Niyə heç nə yemirsən?” Bərzani isə cavab olaraq yoldaşları ac və yoxsul olduğu bi vaxtda SSRİ-yə əylənmək üçün gəlmədiyini söyləyir. Məhz həmin məclisdən bir qədər sonra kürdlər Bakıdan çıxarıldığından Bərzani tərəfdrları köçürülmə əməliyyatının Bağırovun onlara qarşı münasibətinin soyuması ilə bağlayırlar”
Belədir, ya yox? – hökm vermək çətindir. Fakt odur ki, kürdlər Özbəkistan kolxozlarından, bir hissəsi isə Altay vilayətində yerləşdirilir. Bərzani narazılığını Stalinə yazdığı məktublarla ifadə edir. O, Stalinə 72 məktub yazır, ancaq heç bir cavab almır. Bərzani fərz edir ki, məktublar Stalinə gedib çatmır, odur ki, qonşuluqda yaşayan bir qadından Moskvaya getməyi və məktubu orada poçt qutusuna salmağı xahiş edir.
Kürdlərin həmin vaxtlardakı narazılıqlarını sonralar Xruşşovla görüşündə Bərzani zarafatla bu cür ifadə edəcəkdi: “Mən 5 dövlətə qarşı vuruşmalı olmuşam – İraq, İran, Türkiyə, Azərbaycan və Özbəkistana qarşı”.
Bəzi kürd tarixçiləri Bağırovun Bərzaniyə qarşı intriqalar apardığını və bu işdə Beriyanın xidmətindən yararlandığını yazır. Ancaq Pavel Sudoplatovun xatirələrindən də görünür ki, Stalinin xarici siyasət sahəsində böyük ümidlər bağladığı Bərzani ilə çətin ki Beriya və Bağırov açıq qarşıdurmaya keçərdilər. Sudoplatova, görə, kürdlərin Azərbaycandan Özbəkistana köçürülməsi ideyası başdan ayağa Moskvanın ideyası idi və SSRİ-nin Yaxın Şərqə maraqlarının soyuması fonunda bu addım siyasi cəhətdən düzgün addımdı. Sudoplatov yazır: “Mən Yusupovun kabinetinə Bərzaninin başçılığı altında İrandan Azərbaycana qaçmış 3000 kürdün məskunlaşdırılması təklifi ilə gəlmişdim. Onları Qafqazda saxlamaq çox təhlükəli idi, odur ki, rəhbərlik kürdləri Özbəkistana köçürmək qərarına gəlmişdi…”
***
Kürdlərin Özbəkistan dövrü 1958-ci ilə qədər – İraqda 14 iyulda kral II Feysəlin devrilməsinə qədər davam edir. Mütləqiyyətin süqutundan sonra molla Mustafa Bərzani İraqa dönür…

Məmməd Süleymanov

diplomata-kurdi.com


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org